ELM VƏ TƏHSİL
BDU-nun qış imtahan sessiyasında bakalavr üzrə 22 min tələbə iştirak edir
Bakı, 3 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası başlayıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imtahan başlamazdan əvvəl dekanlar, koordinator-müəllim və rəhbər koordinatorlarla görüşüb. O, imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edib.
İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. Universitetin bütün tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil olunub.
Qeyd edək ki, 22 minə yaxın bakalavr və 1523 magistrantın iştirak etdiyi imtahanlar yanvarın 31-dək davam edəcək.
İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulur.