ELM VƏ TƏHSİL


BDU-nun rektoru “Gənc istedadlar” liseyini qızıl və gümüş nişanla bitirmiş məzunlarla görüşüb

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyini qızıl və gümüş nişanla bitirmiş məzunlarla görüşüb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor E.Babayev təhsildə qazandıqları uğurlara görə məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor liseydə yaradılmış tədris şəraitindən, lisey şagirdlərinin respublika və dünya olimpiada və müsabiqələrində əldə etdikləri nəticələrdən danışıb. Bildirilib ki, bu il liseyi 11 nəfər - 9 nəfər qızıl, 2 nəfər gümüş nişanla bitirir.

2020-2021-ci tədris ilində “Sabahın alimləri” onuncu respublika müsabiqəsində liseyin 21 şagirdi kompüter elmləri, kimya, riyaziyyat, fizika və astronomiya, biologiya, ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış edib və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülüb. Liseyin 10-cu sinif şagirdi Nəriman Şirinli məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadasında (IChO) bürünc medal qazanıb.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov, direktor müavini Rəfiyyə Cəbrayılova çıxış edərək məzunlara yeni nailiyyətlər arzulayıblar.

Sonra liseyi qızıl və gümüş nişanla bitirmiş məzunlara təşəkkürnamə və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.