ELM VƏ TƏHSİL
BDU şərqşünaslarının nüfuzlu beynəlxalq jurnallarda 24 məqaləsi və 12 tezisi dərc edilib
Bakı, 10 yanvar, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) şərqşünaslıq fakültəsinin elmi şurasının iclası olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda dekan, professor Elxan Əzizov fakültənin 2018-ci il üçün hesabatını təqdim edib. Qeyd olunub ki, ötən il fakültədə 2 respublika elmi konfransı, 2-si beynəlxalq olmaqla, 6 elmi-praktik seminar keçirilib.
Universitet şərqşünaslarının il ərzində 13 kitabı nəşr edilib, respublika jurnallarında 124, “Web of Science Clarivate Analytics” sisteminə daxil olan jurnallarda 24 məqaləsi və 12 tezisi dərc olunub. Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi seminarlar təşkil olunub və istedadlı tələbələr bu tədbirlərə cəlb edilib.
Kafedralarda elmi işlərin yerinə yetirilməsinə xüsusi diqqət göstərilib, fəlsəfə doktorluğu üzrə bir neçə dissertasiya işinin müzakirəsi keçirilib.
Elmi şuranın üzvlərindən akademik Vasim Məmmədəliyev, professorlar Mehdi Kazımov, Rüfət Rüstəmov və Oqtay Cəlilbəyli çıxış edib, təkliflər veriblər.