ELM VƏ TƏHSİL
BDU tələbələri QİÇS-lə mübarizə haqqında maarifləndirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) keçirilən maarifləndirici tədbirdə tələbələr QİÇS-lə mübarizə haqqında məlumatlandırılıblar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, mütəxəssislərin, müəllim və tələbələrin iştirak etdikləri tədbir Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Dilşad Mahmudova QİÇS/İİV infeksiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıb, tələbələri xəstəliyə yoluxma yolları barədə məlumatlandırıb. O, narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzinə marağı artırmaq üçün maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın vacibliyini vurğulayıb.
Bildirilib ki, İİV/QİÇŞ problemi daim Səhiyyə Nazirliyinin nəzarətindədir.
Sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim briqadası müraciət edən tələbələrdən anonim test nümunələri götürüb.