İQTİSADİYYAT
BELÇİKANIN ANTVERPEN LİMANI YAXINLIĞINDA İKİ NƏHƏNG QURU YÜKDAŞIYAN GƏMİ TOQQUŞMUŞDUR
İyulun 20-də gecə Belçikanın Antverpen limanının yaxınlığında Şeld çayının mənsəbində konteyner daşıyan iki nəhəng gəmi toqquşmuşdur. Nəticədə Malta bayrağı altında üzən İsrail gəmisi “Pelikan” ciddi zədə almışdır. Gəmi heyəti arasında təlafat yoxdur. Bu xəbəri İTAR-TASS Agentliyi yaymışdır.
Xəbərdə həmçinin deyilir ki, toqquşma Antverpen istiqamətində üzən “Pelikan” gəmisində sükanın sıradan çıxması üzündən baş vermiş və Bahama adaları bayrağı altında üzən “Mayer-Bəhreyn” gəmisinə çırpılmışdır. Hadisə nəticəsində İsrail gəmisi deşilmiş, maşın şöbəsini su basmışdır. Konteynerləri boşaltmaq üçün gəmini çətinliklə sahilə tərəf çəkmişlər. Belçika və Niderlandın sahil xidməti nümayəndələri (hadisə isə Hollandiyanın ərazi sularında baş vermişdir) ehtiyat edirlər ki, dənizin ləpələri “Pelikan”dan axan yanacağı “qovaraq”, Antverpen limanı akvatoriyasına aparıb çıxara bilər.