DÜNYA
BERLİNDƏ ƏFQANISTANIN DİRÇƏLİŞİNƏ HƏSR OLUNMUŞ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
ABŞ-ın dövlət katibi Kolin Pauellin də iştirak etdiyi konfransla bağlı Berlin tamamilə polisin və təhlükəsizlik orqanlarının ciddi nəzarəti altına alınmışdır.
Hökumət təkcə konfransın keçirildiyi İnterkontinental mehmanxanasının baş verə biləcək terror aktlarından mühafizə əməliyyatlarına 1500 polis ayırmışdır. Dalğıclar mehmanxana yaxınlığından axan çay və kanallarda partlayıcı maddələr axtarışını davam etdirir. Mehmanxana binasının ətrafı və daxili hətta kağız və zibil qutularından da təmizlənmişdir.
Federal kansler Gerhard Şröder martın 30-da, konfrans ərəfəsində Əfqanıstan prezidenti Həmid Kərzaini qəbul etmişdir.
Konfrans ərəfəsində Almaniyanın mərkəzi televiziya kanalı ZDF-də çıxış edən Almaniya federal inkişaf naziri Haydemari Viçorek Tsoyl isə Əfqanıstanın dirçəliş proqramına yenidən 9 milyard dollar (7,37 milyard avro) məbləğində üç illik maliyyə yardımı göstəriləcəyini bildirmişdir.