ELM VƏ TƏHSİL
BEYNƏLXALQ KONFRANS İŞTİRAKÇILARI ÜMUMMİLLİ LİDERİN MƏZARINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, fevralın 2-də Azərbaycan Dillər Universitetində “Beynəlxalq inteqrasiya: Azərbaycanın ali təhsil sistemində islahatlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin alim və mütəxəssisləri fevralın 1-də Fəxri xiyabanda olmuşlar.
Qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, dünya şöhrətli siyasi xadimin xatirəsini ehtiramla anmış və abidəsi önünə gül dəstələri qoymuşlar.
Konfrans iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ehtiramla ziyarət etmişlər.
Sonra qonaqlar Şəhidlər xiyabanına gedərək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” kompleksi önünə əklil qoymuşlar.