DÜNYA
BİLİNQVLƏRİN ƏQLİ DAHA İTİ VƏ SÜRƏTLİDİR
Bakı, 7 iyul (AZƏRTAC). Lap körpəlikdən iki dildə danışan insanlar – bilinqvlər təfəkkür məsələlərinin həllinin öhdəsindən daha sürətlə və səmərəli gəlirlər. I Hayme adına Kataloniya Universiteti alimləri aydınlaşdırmışlar ki, onlar buna beyinlərinin fəaliyyət mexanizmi adi insanlardan fərqləndiyi üçün nail olurlar.
Professor Sezar Riveranın rəhbərlik etdiyi bir qrup alim bilinqvlərlə aparılmış silsilə eksperimentləri təsvir etmişdir.
Eksperimentlərə iki qrup könüllü tələbə cəlb olunmuşdur. Qruplardan biri hələ uşaq ikən katalon və ispan dillərində danışan, ikincisi isə yalnız ispan dilini bilən tələbələrdən ibarət olmuşdur. Tələbələr onlara tapşırılmış müxtəlif məsələləri həll edən zaman beyinlərinin fəallığı funksional maqnit-rezonans tomoqrafiyanın köməyi ilə izlənmişdir.
Alimlər aydınlaşdırmışlar ki, bilinqvlər obyektlərin forma, yaxud rənginə görə çeşidlənməsi kimi məsələlərin həllində beynin Brok mərkəzi adlanan alın paylarının sol hissəsinin dərinliyindəki zonadan istifadə edirlər. Adi insanlar olan monolinqvlərdə həmin məsələlərin həllində sağ hissə işləyir.
Rivera demişdir: ”Tapıntımız çox əhəmiyyətlidir, çünki bilinqvizmin indiyədək bizə məlum olmayan cəhətlərini göstərmişdir. Bilinqvizmin bu cəhətləri hər hansı dili asanlıqla öyrənə bilməkdən irəlidir, çünki onlar müəyyən stimullara reaksiya verirlər”.
Böyük Britaniya, İtaliya və Yaponiya alimləri bundan əvvəl müəyyənləşdirmişdilər ki, lap körpəlikdən iki dildə danışan uşaqlar daha yaxşı ünsiyyət tapır, kobudluğu, yalanı və izafi informasiyanı daha yaxşı tanıyır və saf-çürük edirlər. Bilinqv uşaqlar yaşıdlarına nisbətən sürətlə inkişaf edir, yaşlandıqca iti düşünmək qabiliyyətlərini itirmirlər.