İQTİSADİYYAT
“BİMS-2014”də motorlu texnika üzrə ən məşhur “Vespa” və “Harley Davidson” brendlərinin məhsulları nümayiş etdiriləcəkdir
Bakı, 20 aprel (AZƏRTAC). Mayın 15-dən 17-dək Bakıda keçiriləcək VIII Bakı beynəlxalq motor şousunun (“BİMS-2014”) debütantlarından biri də motorlu texnika üzrə ən məşhur “Vespa” və “Harley Davidson” brendlərinin rəsmi distribyutoru “Azman Co” şirkətidir.
“Azman Co” şirkətinin direktoru Fərid Xammədov AZƏRTAC-a bildirmişdir ki, “BİMS-2014”də iştirakımızın əsas məqsədi təklif etdiyimiz brendlərin məhsulları ilə geniş auditoriyanın tanış olmasıdır. Əminik ki, “BIMS 2014” sərgisinin formatı şirkətlərə məhsullarını yaxşı nümayiş etdirmək üçün gözəl imkan yaradacaqdır.
Sərgi çərçivəsində “Vespa” şirkətinin istehsal etdiyi “LX 50” və “LX 150” modelli motorollerlər nümayiş etdiriləcəkdir. Bu motorollerlər İtaliya konserni “Piaggio” tərəfindən 1946-cı ildən etibarən istehsal olunur. Dünyada ilk uğurlu skuter olan “Vespa” motorollerlər üzrə Avropa konstruktor məktəbinin banisidir.
Vurğulanmışdır ki, ABŞ-ın “Harley-Davidson” brendi də xüsusi diqqətə layiqdir. Bu brend altında bütün dünyada məşhur olan əfsanəvi ağır motosikletlər istehsal edilir. Biz sərgidə “Harley-Davidson” şirkətinin müxtəlif kateqoriyalı və modifikasiyalı modellərini, eləcə də aksessuarların geniş çeşidini təqdim edəcəyik. Mütəxəssislərimiz isə bütün sualları cavablandıracaq və motorlu texnikanı sınaqdan keçirmək istəyən şəxslər üçün lazımı şərait yaradacaqlar.