SİYASƏT
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ 28 MAY- RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR
Bakı, 26 may (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə JW Marriott hotelində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, toplantıda Dubayda yaşayan azərbaycanlılar, türk icmasının üzvləri, İraq türkmənləri, Avropa dövlətlərindən və müxtəlif ərəb ölkələrindən olan diaspor təmsilçiləri, eləcə də yerli ictimaiyyətin fəalları iştirak etmişlər.
Bayram tədbirində 28 May - Respublika Gününün tarixi haqqında məlumat verən cəmiyyətin sədri Samir İmanov demişdir ki, ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlətçiliyinin, suverenliyinin qorunub saxlanmasında, möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olmuşdur. Bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmış, tərəqqiyə nail olunmuşdur. Lakin respublikamızın daha da sürətlə inkişaf etməsinə mənfi təsir göstərən yeganə amil torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olmasıdır. BMT Təhlükəsizlik Şurasının, İslam Konfransı Təşkilatının qətnamələrinə baxmayaraq, Ermənistan silahlı qüvvələri işğal etdiyi torpaqlardan çəkilmir və təəssüf ki, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu da münaqişənin nizamlanmasında qətiyyət göstərmir.
Tədbirə qatılan türk icmasının üzvləri çıxışlarında Dağlıq Qarabağ probleminin həllinin vacibliyini, bunun bölgədə sülh və sabitliyin təminatında mühüm şərt olduğunu vurğulamışlar.
Sonra çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin rəsmisi və Oman vətəndaşı da Azərbaycanın bütün ölkələr və xalqlarla sıx, mehriban dostluq əlaqələrinin olduğunu vurğulamış, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid etdiklərini bildirmişlər.
Toplantıda Dağlıq Qarabağdakı ermənilərin keçirdiyi “qondarma seçkilər” də pislənmişdir.
Son günlərdə Dubayın “Gulf News”, “Khaleej Times” (ingilis dilində) və “Al-Bayan” (ərəb dilində) qəzetlərində dərc olunmuş və qondarma, qanunsuz seçkilərin əleyhinə çıxan, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən yazılar barədə də qonaqlara məlumat verilmişdir.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Biz Azərbaycanlıyıq” sənədli filmi nümayiş etdirilmişdir.
Bundan başqa, tədbirin keçirildiyi zalda qədim Azərbaycan ərazilərinin sərhədlərinin müxtəlif dövrlərdə bir neçə dəfə dəyişdirildiyini əks etdirən foto-lövhə də təqdim olunmuşdur.
Qonaqlara Dövlət Komitəsinin göndərdiyi ingilis dilində “Azərbaycan haqda 100 suala cavab” kitabı, eləcə də Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərəb, ingilis, fransız dillərində hazırlanmış müxtəlif kitablar, broşürlər və DVD-lər hədiyyə edilmişdir.
Qeyd edək ki, BƏƏ Parlamenti sədrinin birinci müavini Əhməd Sabib əl-Zahiri, Dubay Şeyxinin Aparatının (Divan) hüquq məsələləri üzrə müşaviri Dr. Balhul Lvey və Dubay İnsan Hüquqları İnstitutunun rəhbəri Abdulla Mohammad “Azərbaycan” cəmiyyətinin sədrinə zəng vuraraq, 28 May - Respublika Günü münasibətilə BƏƏ-də yaşayan soydaşlarımızı və bütün Azərbaycan xalqını təbrik etmişlər.