SİYASƏT


BMT Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Bakı, 11 aprel, AZƏRTAC

BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzai etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Qulam İsakzaini yeni təyinatı münasibətilə təbrik edib, onun Azərbaycan ilə BMT arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini söyləyib. Azərbaycanın İnkişaf Proqramı çərçivəsində BMT ilə əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan nazir əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi vurğulayıb.

Qulam İsakzai təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın “ANAMA” və “ASAN xidmət” kimi qurumlarının təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində son dövrlər atılan addımlar barədə danışıb.

Qulam İsakzai BMT-nin bu dəhlizlərin reallaşması üçün texniki dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.