İDMAN
BMT BAŞ KATİBİ PAN Gİ MUNUN MÜRACİƏTİ
BMT-nin Bakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, baş katib Pan Gi Munun avqustun 12-də qeyd olunan Beynəlxalq gənclər günü münasibətilə müraciətində deyilir ki, hər il bayram edilən bu gün dünyanın 1,2 milyard gəncinə müraciət etmək, onların nailiyyətlərini alqışlamaq və cəmiyyətin həyatının bütün sahələrində iştirakına kömək göstərmək üçün yaxşı fürsətdir.
Bu il “Elə et ki, səni görsünlər, səni eşitsinlər: gənclərin inkişafda iştirakı” şüarı ilə keçirilən bayram tədbirlərində əsas diqqət gəncləri öz ölkələrinin inkişafına verə biləcəyi və verdikləri çox böyük töhfədə cəmlənmişdir. Onlar qlobal planların həyata keçirilməsində qiymətli və sadiq tərəfdaşlardır. Gənclər həmişəki kimi İÇVQİÇS ilə mübarizədə ön cərgələrdədirlər. Onlar həm də çoxdankı problemlərin həllinə yeni, yaradıcı yanaşmağa kömək edirlər.
Baş katib vurğulayır ki, gənclərlə bağlı ümumdünya proqramında hökumətlərə gənclərin mənafeyi ilə bağlı hər bir siyasətdə onların iştirakının mümkünlüyü haqqında düşünməyə çağırış səslənir. Hökumətlər bu öhdəlikləri yerinə yetirməli, gənclərə maliyyə dəstəyini, təhsil sahəsində yardımı artırmalı, potensial imkanlarını həyata keçirməkdə onlara kömək etməlidir.
Müraciətdə deyilir: “Gənclərimizi mövcud problemlərdə təqsirləndirməyə son qoymağın və onların potensialından istifadə etməyin vaxtı çoxdan çatmışdır”. Pan Gi Mun müraciətinin sonunda bu ən qiymətli resursun inkişafı və müdafiəsi üçün vəsaitləri əsirgəməməyə, gənclərin cəmiyyətin həyatında və nailiyyətlərində ədalətli və tam iştirakını təmin etməyə çağırmışdır.