DÜNYA
BMT Baş katibinin müavini Fleminq və TASS-ın baş direktorunun birinci müavini Qusman əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Bakı, 24 sentyabr, AZƏRTAC
BMT-nin Baş katibinin müavini Melissa Fleminq və TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman sentyabrın 23-də BMT-nin Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində təşkilatla Rusiyanın aparıcı xəbər agentliyi arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, M.Fleminq Birləşmiş Millətlər Təşkilatının müxtəlif institutlarının aparıcı təmsilçilərinin iştirakı ilə mütəmadi olaraq BMT-TASS videokörpülərinin keçirilməsini yaxından dəstəkləyib.
Fleminq 2022-ci ilin mayında BMT-nin mənzil-qərargahında TASS və aparıcı xarici tərəfdaş agentliklərin iştirakı ilə jurnalistlərin qaynar nöqtələrdəki fəaliyyətinə həsr edilən fotosərginin keçirilməsində maraqlı olduqlarını bildirib.
M.Qusman Mərakeşdə keçiriləcək VII Dünya Xəbər Agentlikləri Konqresinə və gələn ilin martında Moskvada nəzərdə tutulan Dünya Rus Mətbuatı Konqresinə hazırlıq barədə məlumat verib. Fleminq bu tədbirlərdə BMT-nin yüksək səviyyədə iştirak edəcəyini təsdiqləyib. O, həmçinin Baş katib Antonio Quterreşin iştirakı ilə BMT-nin fəaliyyəti ilə bağlı filmin hazırlanmasında səylərinə görə TASS agentliyinə minnətdarlığını bildirib. TASS bu filmi gələn ilin yazında BMT-də təqdim edəcək.
Sonda Fleminq BMT-nin fəaliyyətinə daimi diqqətə və dünyanın bu aparıcı beynəlxalq təşkilatının institutları ilə fəal əməkdaşlığa görə TASS-a təşəkkür edib.