DÜNYA
BMT İNSPEKTORLARI QUANTANAMO MƏHBUSLARI İLƏ GÖRÜŞMƏYİ TƏLƏB EDİRLƏR
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, BMT-nin üç nümayəndəsi – işgəncə faktları üzrə xüsusi müstəntiq Manfred Novak (Avstriya), dini azadlıq məsələləri üzrə mütəxəssis Əsma Cahangir (Pakistan) və ədalətsiz həbs məsələləri ilə məşğul olan Leyla Zerruqui (Nigeriya) bazar ertəsi mətbuat konfransında bildirmişlər ki, onlara Quantanamo bazasındakı məhbuslarla görüşməyə icazə verilməsə, ABŞ-ın oraya getmək dəvətindən imtina edəcəklər. Oktyabrın 28-də Pentaqon elan etmişdir ki, beynəlxalq inspektorlar düşərgənin ərazisinə baxa və bazanın işçi heyəti, komandanlığı ilə söhbət edə bilərlər, lakin məhbuslarla heç bir təmasa icazə verilməyəcəkdir.
ABŞ Müdafiə Nazirliyinin təşəbbüsü göstərməli idi ki, hərbçilərin orada “gizlədiləsi heç nəyi yoxdur”. ABŞ təkid edir ki, məhbuslarla BMT nümayəndələri deyil, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri görüşməlidirlər. Pentaqon nümayəndəsinin sözlərinə görə, hökumətin fikrincə, BMT elçilərinin mandatı silahlı münaqişələr zamanı əsir tutulmuş şəxslərin statusu və saxlanması məsələlərinə şamil edilmir.
BMT-də ümid edirlər ki, ABŞ kompromis üçün imkan tapacaq və inspektorların irəli sürdükləri yeganə şərti yerinə yetirəcəkdir.
BMT nümayəndələrinin Quantanamo bazasına gəlməsi dekabrın 6-na planlaşdırılmışdır.