CƏMİYYƏT


BMT: İnternetdə nifrət ritorikası zərərlidir

Bakı, 22 oktyabr, AZƏRTAC 

Dövlətlər və özəl sektor internetdə nifrət ritorikası ilə səmərəli mübarizə aparmırlar və bunun ucbatından sosial şəbəkələrdəki kin və nifrət ab-havası “feyk xəbərlərdən” də geniş vüsət alıb. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu fikri təşkilatın söz azadlığı üzrə xüsusi məruzəçisi Devid Kaye səsləndirib. Xüsusi məruzəçi qeyd edib: “Nifrət ritorikasını yalnız internet məkanında olduğu üçün zərərsiz hesab etmək olmaz. Əksinə, virtual məkanda bu sindrom daha sürətlə yayılır və nəticədə, real həyatda ciddi fəsadlara gətirib çıxara bilər. Həm də bu ritorika həmişə başqalarını susdurmaq üçün istifadə olunur. Məsələ onunla mübarizə aparmaqda deyil. Məsələ ondadır ki, biz bu halların qarşısını insan hüquqlarını pozmadan ala bilməliyik”.

D.Kaye öz məruzəsində ölkələrin hökumətlərini beynəlxalq hüquqa dair əsas sənədlərə, o cümlədən təhrikçiliyin, ayrı-seçkiliyin və zorakılığın qarşısının alınması haqqında Rabat Fəaliyyət Planına diqqət yetirməyə çağırıb. BMT-də etiraf edirlər ki, söz azadlığı ilə milli, irqi və dini zəminlərdə nifrətə təhrik edilməsi arasında tarazlığı müəyyən etmək çox çətindir. Xüsusi məruzəçi vurğulayır ki, bir sıra dövlətlər bu mübarizə adı altında söz və ifadə azadlığını boğmağa çalışır, xüsusən insanları kafirlikdə günahlandırırlar. O əlavə edib: “Hökumətlər və cəmiyyət haqlı olaraq nifrət ritorikasının yayılmasından narahatdırlar. Lakin özəl şirkətlərin üzərinə qoyulmuş ifrat məsuliyyət çox vaxt adi standartlara cavab vermir və şəxsi “oyunçuların” əlini gücləndirir. Şirkətlər də insan hüquqlarının qorunması məsələsinə ciddi yanaşmırlar. Onların platformalarında nifrət ritorikası yayılır, internet kontentinin dəstəklənməsi üzrə mövcud olan biznes-modellər və alqoritmlər isə geniş ictimaiyyətin diqqətini bir neçə dəqiqəliyinə cəlb etməyə yönəlib və vəziyyəti daha da ağırlaşdırır”.

BMT-nin xüsusi məruzəçisi sonda bildirib ki, hüquq müdafiəçiləri uzun müddətdir ki, sosial şəbəkələrin və internet şirkətlərinin nümayəndələri ilə danışıqlar aparırlar. Bununla belə, həmin şirkətlər yenə də ifadə azadlığı və şəxsi həyatın toxunulmazlığını təmin etmir, ayrı-seçkiliyin və zorakılığa çağırışların qarşısını almaq üçün tədbirlər görmürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.