DÜNYA
BMT-NİN MÜFƏTTİŞLƏRİ BAĞDADA GƏLMİŞLƏR
BMT-nin müşahidə, nəzarət və müfəttişlik komissiyasının (YUNMOVİK) sədri Hans Bliksin və Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl Bəradeyinin başçılığı ilə BMT müfəttişlərinin 30 nəfərdən ibarət birinci qrupu Bağdada gəlmişdir. Digər müfəttişlər də noyabrın 25-də İraqa gələcək və bundan sonra hərbi obyektlərin sınaq yoxlamalarına başlanacaqdır.
Hans Bliks İraqa yola düşməzdən əvvəl bildirmişdir ki, İraqla müharibə edib-etməmək qərarının qəbul olunmasının ağırlığı onun çiyinlərinə düşmür. O demişdir:”Hərb və ya sülh məsələsi İraqla BMT Təhlükəsizlik Şurasının əlində qalır. Biz yalnız İraqın bizimlə əməkdaşlıq edib-etmədiyi barədə məlumat verəcəyik”. Onun sözlərinə görə, müfəttişlər öz vəzifələrini noyabrın 27-də, zəruri hazırlıq işləri başa çatdiqdan sonra yerinə yetirməyə başlayacaqlar. İraqa dünyanın 40-dan çox ölkəsindən cəmi 100 nəfər gəlməlidir. Məscidlər və Səddam Hüseynin sarayları da daxil olmaqla, bütün obyektlər müfəttişlər üçün açıq olacaqdır.
İlk mühüm mərhələ dekabrın 8-də, İraq özünün kütləvi qırğın silahları istehsalı proqramlarının tam siyahısını təqdim etdikdən sonra başlayacaqdır. Xüsusi komissiya özünün ilk məruzəsini BMT Təhlükəsizlik Şurasına gələn il yanvarın 27-də təqdim etməlidir. İraq, öz növbəsində, müfəttişlər qrupunun işinə mane olmayacağını vəd etmişdir.
İTAR-TASS xəbər verir ki, İraq ABŞ və Böyük Britaniya hərbi aviasiyasının ölkənin hava məkanını pozmasını müşahidə etmək üçün YUNMOVİK mütəxəssislərinin xüsusi texnika ilə təchiz olunmasını beynəlxalq birlikdən tələb etmişdir. İraqın xarici işlər naziri Naci Səbri baş katib Kofi Annana göndərdiyi məktubda BMT-ni onun ölkəsinə edilən aviasiya hücumlarını nəzarət altına almağa və bunlara son qoymaq üçün tədbirlər görməyə çağırmışdır. Məktubda deyilir ki, Amerika-Britaniya aviasiyası oktyabrın 12-dən noyabrın 8-dək 552 dəfə İraqın hava məkanına soxulmuşdur.