BMT QİÇS-LƏ MÜBARİZƏ HƏFTƏLİYİ KEÇİRİR
1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri QİÇS-lə mübarizə həftəliyi keçirir.
AZƏRTAC xəbər verir ki, həftəliyin keçirilməsindən məqsəd QİÇS-in yayılmasına səbəb olan məsələlərlə bağlı ictimaiyyəti maarifləndirməkdir.
Bu məqsədlə BMT-nin İnkişaf Proqramı (BMT İP) İslam Kollecində tələbələrlə görüş keçirmişdir.
Həftə ərzində BMT İP Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycandakı əsas dini icmaların rəhbərlərinin iştirakı ilə dəyirmi masa, BMT-nin Uşaq Fondu (YUNİSEF) ali məktəblərdə tələbələr üçün müzakirələr, rəsm sərgisi və konsert, BMT-nin Əhali Fondu Bakı və Sumqayıt şəhərlərində təbliğat kampaniyası keçirəcəklər.