DÜNYA
BMT Yaponiya hökumətini qəzalı AES-də işləyənləri qorumağa çağırıb
Tokio, 18 avqust, AZƏRTAC
BMT-nin xüsusi məruzəçiləri Yaponiya hökumətini qəzalı “Fukusima-1” atom elektrik stansiyasında (AES) dezaktivasiya ilə məşğul olanları təcili şəkildə qorumağa çağırıblar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, BMT-nin insan hüquqları şurası tərəfindən təyin edilən mütəxəssislər AES-də işləyənlərin zəhərli radiasiyaya məruz qaldıqlarını bildirən bəyanatla çıxış ediblər.
Bəyanatda “insanların aldadılaraq şüalanma ilə əlaqədar risqə məruz qoyulmasının mümkünlüyü” və onların təhlükəsizliklə bağlı kifayət qədər məlumatlandırılmadığı barədə narahatlıq əksini tapıb. Qeyd edilib ki, risqə məruz qalan işçilər arasında evləri olmayanlar da var.
BMT-nin xüsusi eksperti Baskut Tunkak NHK telekanalına bildirib ki, onlar Yaponiya hökumətindən müvafiq tədbirlər görməyi xahiş etsələr də, məsələ ilə bağlı narahatlıqları aradan qalxmayıb. Faktların dəqiqləşdirilməsi üçün xüsusi məruzəçilər hadisə yerində təhqiqatların aparılmasına ehtiyac duyurlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio