CƏMİYYƏT
BMT-nin Sülh səfiri Qarabağda baş verən müharibə haqqında ədalətli mövqeyinə görə rusiyalı hərbi ekspertə təşəkkürünü bildirib
Bakı, 28 oktyabr, AZƏRTAC
BMT-nin Sülh səfiri, Azərbaycanın sabiq Maliyyə naziri Əvəz Ələkbərov hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru, “Dünya Silah Ticarəti Analiz Mərkəzi” MMC-nin təsisçisi və direktoru, Rusiyanın Müdafiə Nazirliyi yanında İctimai şurasının üzvü İqor Korotçenkoya təşəkkür məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda Qarabağda baş verən müharibə haqqında ədalətli mövqeyi və ölkəmiz üçün bu cür mühüm, əhəmiyyətli vaxtda göstərilən dəstəyə görə minnətdarlıq ifadə olunur. Məktubda deyilir: “Siz ekspert rəyi ilə bölüşməklə yanaşı, görülməmiş ədalətsizlik vəziyyətinə düşmüş milyonlarla soydaşımızın başına gələn bəlaları bölüşürsünüz. İşğalçı ölkə tərəfindən Sizə edilən təzyiqi nəzərə alaraq, əməyinizi xüsusilə qeyd etmək istərdim. Vəziyyəti təhlil edib qiymətləndirərək, taktika və strategiyanı quraraq Azərbaycanın Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi əsas prinsiplərə söykənmək barədə çağırışınıza görə sizə təşəkkür edirəm. Bildiyiniz kimi, xalqımızın bizim hörmətli Prezidentimizə sevgisi tükənməzdir. Siz, dinamik və zəngin təcrübəyə malik hərbi ekspert kimi ədalətli rəylərinizlə ölkəmizə əvəzsiz dəstək göstərirsiniz”.