DÜNYA
BMT-nin Tehrandakı nümayəndəliyi qarşısında aksiya keçirilib
Tehran, 23 yanvar, AZƏRTAC
Bu gün BMT-nin Tehrandakı nümayəndəliyinin binası qarşısında aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada İranda fəaliyyət göstərən jurnalist təşkilatlarının, Press TV-nin və dövlət televiziyasının müxbirləri, qadın təşkilatlarının nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları Press TV telekanalının müxbiri Mərziyyə Haşiminin azad edilməsi və ABŞ tərəfindən azad mətbuata göstərilən təzyiqə son qoyulması tələbini irəli sürüblər.
Aksiyada ABŞ məhkəməsinin müxbiri heç bir ittiham irəli sürmədən həbs etməsinin insan hüquqlarına zidd olduğu bildirilib. BMT-dən məsələni müzakirəyə çıxarmaq və ABŞ-a təsir göstərmək tələb olunub. Diqqətə çatdırılıb ki, M.Haşimiyə qarşı ayrı-seçkiliyə yol verilir. Belə ki, o, əl-ayağı qandallanmış vəziyyətdə saxlanılır, həbsxanada halal yeməklə təmin edilmir. Bu isə onun ac qalmasına səbəb olub.
Sonda aksiya iştirakçılarının bəyanatı səsləndirilib. Bəyanatda deyilir ki, dünya ictimaiyyəti ABŞ-ın azad mətbuata və insan hüquqlarına qarşı atdığı addımlara göz yummamalıdır.
Aksiya zamanı heç bir insident baş verməyib.
Xatırladaq ki, yanvarın 13-də ailəsinə baş çəkmək üçün ABŞ-a gedən İranın Press TV telekanalının müxbiri Mərziyyə Haşimi Missuri ştatının Sent-Luis beynəlxalq hava limanında həbs edilib. Jurnalistin əllərini və ayaqlarını qandallayaraq Vaşinqtona gətiriblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran