REGİONLAR
BMU-nun tələbəsi magistratura imtahanının I mərhələsində ən yüksək nəticə göstərib
Xırdalan, 27 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistratura səviyyəsinə keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak edən Bakı Mühəndislik Universitetinin tələbəsi Raidə Məmmədova rus bölməsi üzrə 90 bal toplayaraq respublikada ən yüksək nəticə göstərib.
Raidə Məmmədova AZƏRTAC-a müsahibəsində deyib: “İmtahandan çıxandan sonra nəticənin yüksək olacağına inanırdım. Açığı 100 bal yığacağımı düşünürdüm. Çünki suallar elə də çətin deyildi və imtahandan sonra müəllimlərimlə imtahanı müzakirə edəndə bu qənaətə gəlmişdim. Yüksək bal yığmağımda təhsil aldığım universitetin rolu danılmazdır. Hətta mən universitetə qəbul olanda kimya ixtisasını istəyirdim, amma kompüter mühəndisliyi ixtisasına qəbul olundum. Bu, mənim uğurlarımın başlanğıcı oldu”.
Qeyd edək ki, Raidə Məmmədova 2014-cü ildə Bakı Mühəndislik Universitetinin (BMU) kompüter mühəndisliyi ixtisasına qəbul olub. O, hazırda BMU-nun kompüter mühəndisliyi ixtisasının son kurs tələbəsidir.