CƏMİYYƏT
BMqT-nin Azərbaycan nümayəndəliyi 478 nəfər Azərbaycan vətəndaşına reinteqrasiya yardımı göstərib
Bakı, 18 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırılmasını davam etdirib.
BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və özlərini aid olduqları cəmiyyətin üzvləri kimi hiss etmələrinin təmin olunmasıdır.
Nümayəndəlik hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İslandiya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Serbiya, Yunanıstan və Türkiyədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ötən il BMqT-nin dəstəyi ilə 442 nəfər könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər ən çox Almaniyadan (354 nəfər), Niderlanddan (41 nəfər), Türkiyədən (9 nəfər) və Avstriyadan (8 nəfər) olub.
Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərlə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilib. Bunun nəticəsində ümumilikdə 478 nəfər yardımlardan faydalanıb.
BMqT-nin Azərbaycan nümayəndəliyi reinteqrasiya yardımı göstərilən 478 nəfərdən 112-sinə nağd, 82 nəfərə qeyri-nağd, yerdə qalan 284 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım edib.
Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin yaradılması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində sahibkarlıq fəaliyyətləri qurublar.