BORİS OLEYNİK: “İLHAM ƏLİYEVİN AŞPA RƏHBƏRLİYİNƏ SEÇİLMƏSİ BU NÜFUZLU BEYNƏLXALQ TƏŞKİLATIN FƏALİYYƏTİNƏ YENİ TƏKAN VERƏCƏK”
AzerTAg.az
Məlum olduğu kimi, Azərbaycanı və Ukraynanı strateji tərəfdaşlıq əlaqələri bağlayır. Müxtəlif Avropa və dünya forumlarında Azərbaycan və Ukrayna parlamentlərinin üzvləri və diplomatları razılaşdırılmış mövqelərdən çıxış edir, bir-birinin uğurlarına həmişə sevinirlər.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri Ali Radanın bir sıra deputatlarından, Ukrayna parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbərlərindən Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi faktını şərh etməyi xahiş etmişdir.
Aşağıda onların bəzi fikirləri ilə tanış ola bilərsiniz.
ANATOLİ RAXANSKİ, Ukrayna parlamentinin AŞPA-dakı daimi nümayəndə heyəti başçısının müavini, Ali Radanın “Ukrayna-Azərbaycan” parlamentlərarası əlaqələr qrupunun sədri, “Trudovaya Ukraina” fraksiyasının üzvü:
- İlham Əliyevi çoxdan tanıyıram və ona böyük hörmətim var. Deməliyəm ki, mən Azərbaycanın Avropa Şurasına daxil olmasına fəal kömək göstərmiş deputatlardan biriyəm. Ona görə də şadam ki, cənab İlham Əliyev başda olmaqla Azərbaycan deputatları bu qurumda öz ölkəsini ləyaqətlə təmsil edir, AŞPA-nın iclaslarında fəallıq və yüksək peşəkarlıq göstərir, layihələr və sənədlər üzərində işləyir, bu mötəbər beynəlxalq təşkilatın fəaliyyətinə sanballı töhfə verirlər.
Mən bu gənc, lakin artıq kifayət qədər nüfuzlu siyasətçinin AŞPA rəhbərliyinə yekdilliklə seçilməsi barədə xoş xəbəri məmnunluqla və sevinclə qarşıladım. Azərbaycanın milli mənafelərinin qorunması və doğma ölkəsinin tərəqqisi naminə işində ona ürəkdən böyük uğurlar arzulayıram!
BORİS OLEYNİK, Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı, Ukrayna Kommunist Partiyası fraksiyasının üzvü:
- Mən fəxr edirəm və xoşbəxtəm ki, vaxtilə tale məni Heydər Əliyev kimi qüdrətli siyasətçi ilə görüşdürmüşdür. Azərbaycanın Avropa Şurasına qəbulu münasibətilə keçirilmiş təntənəli mərasimdə onun iştirakını yaxşı xatırlayıram. Həmin gün o, məni bir çox əcnəbi siyasətçilər arasında gördü və elə oradaca bizim çox səmimi və mənim üçün unudulmaz görüşümüz oldu.
İkiqat şadam ki, onun oğlu, çox yaxşı tanış olduğum İlham Heydər oğlu Əliyev atasının yolu ilə gedərək, öz ölkəsini beynəlxalq aləmdə ləyaqətlə təmsil edir. İlham Əliyevin AŞPA rəhbərliyinə seçilməsi bu mötəbər beynəlxalq təşkilatın fəaliyyətinə yeni təkan verəcəkdir. Əminəm ki, belə yüksək və məsul vəzifədə o, bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasına fəal kömək edəcəkdir. İnanıram ki, gənc, lakin artıq kifayət qədər təcrübəli siyasətçi olan İlham Əliyevi parlaq gələcək gözləyir.
Boris Oleynik nüfuzlu siyasətçi olmaqla yanaşı, həm də məşhur yazıçı və şairdir, onun yaradıcılığı ilə keçmiş Sovet İttifaqı məkanında da, uzaq xaricdə də tanışdırlar. Boris İliç Azərbaycan poeziyasının Ukraynada təbliği üçün çox iş görmüşdür. O, Ukrayna oxucusunu Nəbi Xəzrinin, Cabir Novruzun və digər tanınmış söz ustalarımızın yaradıcılığı ilə tanış etmişdir.
B.Oleynik saxtakarlıqla, ikili standartlar siyasəti və xəyanətlə barışmayan bir insandır. Buna belə bir fakt inandırıcı sübutdur ki, o, Mixail Qorbaçovun iç üzünü hələ sovet dövründə birincilər sırasında tanımışdı. B.Oleynik özünün “Zülmət sultanı” kitabında SSRİ-nin birinci və axırıncı prezidenti M.Qorbaçovu cəsarətlə ifşa etmişdir.
AZƏRTAC-ın müxbiri B.Oleynikdən Azərbaycan Respublikası Prokurorluğunun Xüsusi ağır işlərə dair istintaq idarəsinin 1990-cı ilin yanvarında Bakıya və ona bitişik rayonlara qanunsuz qoşun yeritmək əmri vermiş M.Qorbaçov barəsində cinayət işi qaldırması faktını da şərh etməyi xahiş etmişdir.
B.Oleynik demişdir:
- Mən bu qərarı tamamilə dəstəkləyirəm. Qorbaçov Tbilisi və Vilnüsdə törədilmiş qanlı cinayətlərdə də müqəssirdir. O, tarix qarşısında və qanlı, fəlakətli daxili müharibə girdabına saldığı xalqlar qarşısında cavab verməlidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var