BUDAPEŞTDƏ RAMİL SƏFƏROVUN MƏHKƏMƏ PROSESİ APRELİN 4 VƏ 13-NƏ KEÇİRİLMİŞDİR
Ramil Səfərovu vəkillər Dyörd Madyar və Dyön Ballint müdafiə etmişlər.
A.Vaşkuti prosedur məsələləri elan olunduqdan sonra məhkəmə-tibb ekspertlərini təqdim etmiş, sonra ifadə üçün hadisənin şahidlərinə söz vermişdir.
Macar zabiti Zoltan Bakuni NATO-nun himayəsi ilə Macarıstanda keçirilmiş və Ramil Səfərovun da iştirak etdiyi ingilis dili kursları qrupunun rəhbəri olmuşdur. O, Azərbaycan zabitini müsbət xarakterizə etmişdir. Bakuni məhkəməyə bildirmişdir ki, R.Səfərov başına gələn faciədən, onun gözləri qarşısında əziz adamlarını ermənilərin qətlə yetirməsindən həyəcanla danışmışdır.
İkinci şahid – kursların rəis müavini Attila Demetek demişdir ki, Azərbaycan zabitləri, o cümlədən də R.Səfərov kurslarda təlim zamanı onların dini və etnik hisslərinin təhqir olunmasından ona dəfələrlə şikayət etmişlər.
Sonra məhkəmə R.Səfərovun psixi durumu barədə dördüncü ekspertizanın rəyini dinləmişdir. Ekspertiza belə qənaətə gəlmişdir ki, onda post-travmatik sindrom olmamışdır. Beləliklə, birinci və dördüncü ekspertizalar R.Səfərovda post-travmatik sindrom olmadığını, ikinci və üçüncü ekspertizalar isə belə sindrom olduğunu bildirmişlər. Məhkəmə-tibb ekspertləri R.Səfərovun vəkillərinin çoxsaylı suallarına aydınlıq gətirmişlər. Sonra hakimin suallarına R.Səfərov cavab vermişdir.
Vəkil D.Madyarın və R.Səfərovun travmatik şok keçirdiyi və bunun məlum hadisəyə gətirib çıxardığı barədə ikinci ekspertizanın nəticələrini müdafiə edən ekspert İldiko Kovaçın fəal çıxışları sayəsində Azərbaycan zabiti barəsində prosesin aprelin 4 və 13-nə keçirilməsi haqqında qərar qəbul edilmişdr. Çox güman ki, bu iş barədə qərar aprelin 13-də çıxarılacaqdır.
Ölkəmizin Macarıstandakı səfirliyinin əməkdaşları, Budapeştin ali məktəblərində təhsil alan tələbələrimiz, Azərbaycan diasporunun üzvləri məhkəmə salonunda olmuşlar.