İQTİSADİYYAT
BÜDCƏ DAXİLOLMALARININ HƏCMİNDƏ XEYLİ ARTIM OLMUŞDUR
2005-ci ildə həm qeyri-neft, həm də qeyri-dövlət bölməsi üzrə büdcə daxilolmlarının həcmində xeyli artım olmuşdur. Belə ki, Dövlət Neft Şirkəti üzrə bu göstərici 2004-cü illə müqayisədə 157,7 milyon AZN və ya 41 faiz, qeyri-neft bölməsi üzrə isə 264,5 milyon AZN və ya 42,6 faiz artmışdır.
Ayrı-ayrı vergi növləri üzrə daxilolmaların təhlili göstərir ki, 9 tədiyə üzrə proqnozlar yerinə yetirilmişdir. Belə ki, ötən il əlavə dəyər vergisi üzrə 346,1 milyon AZN (100 faiz), mənfəət vergisi üzrə 367 milyon AZN (102,3 faiz), aksizlər üzrə 121,2 milyon AZN (100,2 faiz), torpaq vergisi üzrə 15,3 milyon AZN (101,8 faiz), əmlak vergisi üzrə 40,4 milyon AZN (101,1 faiz), fiziki şəxslərin gəlir vergisi üzrə 319,2 milyon AZN (113,5 faiz), dövlət rüsumu üzrə 35,7 milyon AZN (118,9 faiz), yol vergisi üzrə 9 milyon AZN (100,3 faiz), sair daxilolmalar üzrə isə 111, 2 milyon AZN (101,1 faiz) həcmində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Bundan başqa, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən, vergilərin ödənilməsindən yayınan hüquqi və fiziki şəxslərin aşkar olunması məqsədi ilə vergi ödəyicilərinin apardığı qarşılıqlı əlaqələrin təhlili nəticəsində ciddi faktlar aşkarlanmışdır. Belə ki, 302 vergi ödəyicisinin 298,6 milyon AZN məbləğində dövriyyəni vergidən yayındırdığı müəyyənləşdirilmiş və bu barədə müvafiq tədbirlərin görülməsi üçün lazımi idarələrə məlumat verilmişdir.