SİYASƏT
BÜTÜN ALMAN XALQI AZƏRBAYCANIN HAQLI MÖVQEYİNİ MÜDAFİƏ EDİR
Parlamentin sədri Murtuz Ələsgərov qonağı səmimi salamladıqdan sonra demişdir ki, Azərbaycan iqtisadi və siyasi cəhətdən yüksək inkişaf etmiş Almaniya ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün hüquqi baza yaratmışdır. Bunun nəticəsidir ki, bu gün Almaniyanın iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə xeyli sərmayə qoymuşlar.
Bundestaqla Milli Məclis arasında əlaqələrin inkişafına toxunan sədr demişdir ki, qarşılıqlı səfərlər zamanı qanunverici orqanlar arasında yaranmış münasibətlər beynəlxalq təşkilatlarda özünü daha yaxşı büruzə verir.
Sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ATƏT və onun Minsk qrupunun fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilməməsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında qalması və bir milyondan çox insanın ağır qaçqın və məcburi köçkün həyatı yaşaması barədə qonağa ətraflı məlumat vermişdir. M. Ələsgərov bildirmişdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Amma Ermənistan təcavüzkar mövqeyindən əl çəkməsə Azərbaycan öz torpaqlarını başqa vasitələrlə azad edəcəkdir.
Parlamentin sədri bu cür münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə tərəfdar olan Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycanın haqlı mövqeyini müdafiə etməsinin yüksək qiymətləndirildiyini xüsusi vurğulamışdır.
Səmimi qəbul üçün minnətdarlıq edən Y.Tauss demişdir ki, Almaniyanın da Azərbaycanla əlaqələrin inkişafında marağı vardır. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yaradılmış münbit şəraitdən hər iki tərəf yetərincə bəhrələnməlidir. Qonaq qeyd etmişdir ki, əlaqələrimizin inkişafı üçün hüquqi baza olmalıdır və qanunverici orqanlar bu işdə xüsusi rol oynamalıdırlar.
Almaniya 3 Cənubi Qafqaz ölkəsinin hamısı ilə əlaqələrin inkişafında maraqlıdır. Amma bu heç də o demək deyildir ki, həqiqət boğulmalıdır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır. Nəinki Almaniya hökuməti, bütün alman xalqı Azərbaycanı sevir və onun haqlı mövqeyini müdafiə edir.
Qonaq demişdir ki, münaqişənin sülh yolu ilə həll olunması üçün beynəlxalq təşkilatlar və dünya dövlətləri öz səylərini artırmalıdırlar. Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.