CƏMİYYƏT
BU İL DÜNYADA 83 JURNALİST ÖLDÜRÜLMÜŞDÜR
AZƏRTAC-ın Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) məlumatına istinadla verdiyi xəbərə görə, başa çatmaqda olan ildə dünyada hərbi əməliyyatları işıqlandıran, habelə narkoticarət, mütəşəkkil cinayətkarlıq və korrupsiya barədə materiallar toplayan jurnalistlərdən 83 nəfər öldürülmüşdür. Bu, 2002-ci ildəkindən 13 nəfər çoxdur.
BJF-nin məlumatında deyilir ki, təkcə İraqda müharibənin gedişində 18 jurnalist və operator həlak olmuşdur. Həmin faciələrdən 7-si ilə əlaqədar BJF müstəqil təhqiqatlar aparır.
Dünyanın 100 ölkəsinin jurnalist ittifaqlarını birləşdirən federasiya jurnalistləri həmkarlarının həlak olması hallarını tam aydınlaşdırmaq üçün ciddi fəaliyyət göstərməyə çağırır. BJF bildirir ki, bu il kanadalı fotojurnalist Zəhra Kazıminin İran həbsxanasında, habelə Fələstin ərazilərində İsrail əsgərləri tərəfindən britaniyalı teleoperator Ceyms Millerin öldürülməsinin səbəbləri araşdırılarkən mühüm nəticələr əldə edilmişdir.