CƏMİYYƏT
Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı 10 kəsim sahəsinə baxış keçirilib. Müəyyən edilib ki, həmin ünvanda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı aparılır. Bununla əlaqədar olaraq sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib.