CƏMİYYƏT


Badamdar qəsəbəsində sürüşmənin qarşısının alınması məqsədilə görülən işlər davam edir VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmənin qarşısının alınması məqsədilə görülən işlər davam edir.

AZƏRTAC xəbər verir ki, Badamdar qəsəbəsində həyata keçirilən tədbirlər barədə məlumat verən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaat” Layihə İnstitutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev ərazidə geniş tədqiqat və layihələndirmə işlərinin yapon mütəxəssislərlə birlikdə aparıldığını bildirib.

Qeyd olunub ki, sürüşməyə qarşı tədbirlər FHN-in əməkdaşları və Yaponiyanın “Şiney” şirkətinin əməkdaşları ilə birlikdə hazırlanan dördmərhələli layihə əsasında həyata keçirilir. Layihəyə əsasən, əvvəlcə sürüşmənin əsas səbəblərindən olan yeraltı suların ərazidən kənarlaşdırılması üçün tədbirlər görülür. Belə ki, dərinliyi 30, diametri 3,5 olan quyular qazılıb. Həmin quyuların içərisindən isə uzunluğu 50-60 metr olan üfüqi istiqamətdə sugötürücülər quraşdırılıb. Hazırda bu işlər yekunlaşdırılıb. Aparılan müşahidələrə əsasən, yeraltı suların səviyyəsi 7-8 metr aşağı düşüb.

Diqqətə çatdırılıb ki, bu mərhələ yekunlaşdıqdan sonra digər mərhələlərdə Badamdar-“20-ci Sahə” avtomobil yolunun sağ tərəfində dərinliyi 9 metr olan dəmir-beton konstruksiyaların üzərində istinad divarı inşa edilib. Bu işlər yekunlaşdırılıb və yolun bir hissəsi torpaq kütləsindən təmizlənib. İkinci mərhələ üzrə isə terraslarda dəmir-beton konstruksiyalar üzərində rosveklər quraşdırılmaqla bərkitmə işlərinə başlanılıb. Artıq birinci terras üzrə işlər başa çatıb. Hazırda ikinci terras üzrə dəmir-beton svayların vurulması işləri həyata keçirilir. Bu mərhələlər başa çatdıqdan sonra isə yamacın yuxarı hissəsində ankerləmə işləri görüləcək. Bu da yamac bərkitmə işlərinə aiddir. Yəni, burada 5-6 metrlik ankerlər vurulacaq və üzəri betonla hamarlanacaq. Bu mərhələlər yekunlaşdıqdan sonra isə sürüşmə sahəsində infiltrasiya olunmuş digər ehtimal edilən suları kənarlaşdırmaq üçün qalereyalar quraşdırılacaq. Bu da drenaj şəbəkəsidir və əlavə suları sahədən kənarlaşdırmaq üçün nəzərdə tutulur. Bu işlərdən sonra isə yamacda abadlıq işləri həyata keçiriləcək və ora tam formaya düşəcək, torpaq-hamarlama işləri aparılacaq. Yamac bərkitmə işləri hava şəraitindən asılı olaraq bu ilin sonunadək həyata keçiriləcək. İlin sonuna qədər layihə üzrə planı yerinə yetirməyi planlaşdırırıq. Yamacın dayanıqlılığı layihəyə tam cavab verir. Ümumilikdə sular sahəyə daxil olmadığı təqdirdə yamacın dayanıqlılığı təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.