CƏMİYYƏT
Bağdad Amreyev: Türk Dövlətləri Təşkilatı türkdilli dövlətlərin diaspor təşkilatları ilə təmaslarını davam etdirir VİDEO
Bursa, 30 mart, AZƏRTAC
Bildiyiniz kimi, on milyonlarla türk xaricdə yaşayır və fəaliyyət göstərir. Bu rəqəm yalnız xarici ölkələrdə fəaliyyət göstərən türklərə şamil olunur. Onlardan başqa, bu ölkələrin vətəndaşı olan soydaşlarımız da var. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız özündə iyirmi milyondan artıq türkü birləşdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev bildirib.
Baş katib qeyd edib ki, Türk Dövlətləri Təşkilatında xaricdəki türkdilli dövlətlərin diaspor təşkilatlarının nümayəndələri ilə mütəmadi görüşlər keçirir və təmaslarını davam etdirir. Türk Dövlətləri Təşkilatının Bursada keçirilən İkinci Diaspor Forumunda da diaspor təşkilatlarının fəaliyyətinə cavabdeh qurumların rəhbər şəxsləri iştirak etdilər. Bundan əlavə, bir çox işçi görüşlərimiz də olur ki, bu görüşlərdə ortaq problemlərin həlli müzakirə edilir. Bu görüşlər əsasən xaricdə yaşayan soydaşlarımıza yardım məqsədi daşıyır. Təbii ki, oradakı soydaşlarımız da öz vətənlərini unutmur və ölkələri ilə fəal şəkildə əməkdaşlıq edirlər.
Qədim Bursa şəhərinin 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsini tarixi hadisə kimi dəyərləndirən Baş katib deyib: “Bütün türk dünyasının tarixi və mədəni baxımdan olduqca əhəmiyyətli bölgələrindən olan Bursa türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu münasibətlə Türk Dövlətləri Təşkilatı olaraq Bursada bu iki gün ərzində keçirilən tədbirlərimiz nəinki Türkiyə, həmçinin bütün türk dünyası və türk diasporu üçün olduqca əhəmiyyətlidir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa