SİYASƏT
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
Bakı, 22 noyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Transxəzər fiber-optik kabel xəttinin çəkilişinə başlanması ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC Türk Şurasının saytına istinadla xəbər verir ki, Baş katib bəyanatında qeyd edib: “Noyabrın 19-da Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin (“TransCaspian Fiber Optic” - TCFO) çəkilişinin başlanmasına Türk Şurasının dəstəyini ifadə etməkdən məmnunluq duyduğumu bildirmək istəyirəm. 2008-ci ildə Azərbaycan Respublikası tərəfindən əsası qoyulan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin ana xətlərindən biri olan və Avropadan Asiyaya qitələrarası fiber-optik onurğasını formalaşdırmağı planlaşdıran bu regional təşəbbüs bölgədə rabitə əlaqəsini inkişaf etdirmək və elektron xidmətləri gücləndirmək üçün açıq informasiya icması yaratmağa kömək edəcək, beləliklə, tərəqqini, iqtisadiyyatın şaxələndirilməsini və Avrasiya ölkələrinin rəqabət qabiliyyətini təşviq edəcək”.
Bəyanatda vurğulanıb ki, Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradacaq bu layihə çərçivəsində Xəzər dənizinin dibi ilə çəkiləcək xəttin uzunluğu təqribən 380-400 kilometr təşkil edəcək. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/saniyə olacaq. “Sözügedən fiber-optik kabel xəttinin ortaq çəkilişini Türk Şurasının 2018-ci ildə fəal iştirakı ilə Azərbaycan və Qazaxıstan arasında imzalanmış hökumətlərarası saziş əsasında Azərbaycan tərəfindən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelecom” və “KazTransCom” telekommunikasiya operatorları həyata keçirəcəklər”.
Türk Şurasının Baş katibi bu mühüm layihənin həyata keçirilməsi münasibətilə təbriklərini çatdırıb və əmin olduğunu bildirib ki, həmin əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə və üzv ölkələrin tərəqqisinə xidmət edəcək.