SİYASƏT


Bağdadi İmam: Azərbaycan xalqı İlham Əliyevi seçməklə sabit və təhlükəsiz gələcəyə səs vermiş oldu

Qahirə, 16 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun çoxillik səmərəli fəaliyyətinin və böyük səylərinin məntiqi nəticəsidir. Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində Misirin Ali Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş direktoru Bağdadi İmam Azərbaycanda prezident seçkilərinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasi kursunu və iqtisadi siyasətini, onun rəhbərliyi ilə son illər bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirir. “Sovet İttifaqının süqutundan sonra iqtisadi çətinliklərə, Ermənistan tərəfindən hərbi təcavüzə, Dağlıq Qarabağ münaqişəsinə rəğmən, Azərbaycan xalqı bütün problemlərin öhdəsindən gələrək, tərəqqi və rifaha nail oldu. Bütün bunlar son illərdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi islahatları davam etdirən, bütün maneələri aradan qaldıran, dayanıqlı inkişafı və xalqın rifahını təmin etmək üçün böyük səylər göstərən Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün oldu. İlham Əliyevi seçməklə Azərbaycan xalqı sabit və təhlükəsiz gələcəyə səs vermiş oldu”, - deyə Bağdadi İmam vurğulayıb.

Onun fikrincə, Azərbaycanın xarici siyasətində dünyanın bütün dövlətləri ilə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqə saxlayır və İslam dünyasını narahat edən problemlərə və aktual məsələlərə böyük əhəmiyyət verir, onların həllində fəal iştirak edir. İslam mədəniyyəti və irsi də Azərbaycan rəhbərliyinin xüsusi diqqətindədir və təsadüfi deyil ki, Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı seçilib.

Sonda B.İmam vurğulayıb ki, son illər Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın lideri tam mənada bu qələbəyə layiqdir və xalq düzgün seçim edib. B.İmam Azərbaycan xalqının öz liderinin rəhbərliyi altında daha böyük uğurlara nail olacağına ümidvar olduğunu bildirib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.