İQTİSADİYYAT
Bağlanan dörd bankın əmanətçilərinə 61,6 milyon manat kompensasiya ödənilib
Bakı, 18 iyun, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə iyunun 17-nə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 61,6 milyon manat kompensasiya ödəyib.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, “Ata Bank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.