İQTİSADİYYAT
“Bakcell” Korporativ Sosial Məsuliyyət layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı və digər layihələr vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakcell”in dəstəyi ilə BMT-nin Azərbaycan nümayəndəliyinin “ASAN Radio” tərəfindən hazırlanan “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində özəl sektorun roluna həsr ediləcək.
Bu həftənin qonaqları “Bakcell” şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova, BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində proqram üzrə müşaviri Leyla Fəthi və “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyevdir. Mütəxəssislər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor, sənaye, innovasiya və infrastrukturun rolu barədə söz açacaqlar.
“Özünün Korporativ Sosial Məsuliyyət layihələri və digər fəaliyyət növləri vasitəsilə “Bakcell” Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük töhfə verməkdədir. Bu layihələrin, xüsusilə də bərabərliyin təmin edilməsi, təhsilin inkişaf etdirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, innovasiyaların tətbiqi və digər istiqamətlərdə görülən işlərin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur. Biz əminik ki, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və ümumiyyətlə, ölkədə sosial problemlərin aradan qaldırılmasında özəl şirkətlərin və müəssisələrin rolu olduqca böyükdür. Telekommunikasiya şirkəti olaraq biz öz rolumuzu məsələn, innovasiyalara dəstək olmaqda, innovativ ideyaların insanların sosial rifahına xidmət etməsində görürük”, - deyə “Bakcell” şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
Veriliş “ASAN Radio”da aprelin 9-da 18:20-də efirə gedəcək. Verilişin təkrarı aprelin 10-da (saat 11:05-də) və aprelin 13-də (saat 14:05-də) yayımlanacaq.
Radioverilişin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda, ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində “Bakcell” şirkətinin dəstəyi ilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.
Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell” şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosialyönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”nin təşviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.