İQTİSADİYYAT
“Bakcell” daha yüksək sürətli mobil internet xidmətini istifadəyə verib
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-dən Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti 4-cü Sür@ brendini - 4G LTE xidmətini kommersiya istifadəsinə verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
“Bakcell”-in təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə edə bilərlər. İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə olunacaq. Plana əsasən, bu şəbəkə sürətlə genişləndiriləcək.
“Bakcell”in smartfon istifadəçiləri təklif olunan müxtəlif variantlardan birini seçə bilər. Bunlardan da ən əlverişlisi ayda 10 manata 3GB həcmində 4G xidməti təklif edən xüsusi kampaniyadır.
Noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün şirkət 60 manata üç aylıq 45 geqabayt (GB) yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Bu xidməti seçən bütün abunəçilərə pulsuz LTE modemi hədiyyə olunacaq.
Planşet istifadəçiləri də əlverişli təklifdən faydalana bilərlər. Onlar ayda 15 manat ödəməklə 10 GB həcmində 4G mobil internet və pulsuz 4G SIM kart qazanacaqlar.
Kommersiya təklifləri barədə daha ətraflı məlumat http://www.bakcell.com/az/4-cu-sur səhifəsində yerləşdirilib.