ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” filmi nümayiş olunub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalqının görkəmli şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilmiş film görkəmli rejissor Həsən Seyidbəylinin rəhbərliyi ilə çəkilib. Görkəmli yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilən filmdə baş rolu Xalq artisti Rasim Balayev oynayıb.
Filmin çəkilişinin 45 illiyi ilə bağlı keçirilən tədbirdə BANM-in tələbə və professor-müəllim heyəti ilə yanaşı, rektor Elmar Qasımov, Rasim Balayev, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov və filmdə “Fatma” obrazını canlandıran Əməkdar artist Xalidə Quliyeva iştirak ediblər.