ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində beynəlxalq təlim proqramı uğurla davam edir
Bakı, 22 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution (STRATEX)” şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən təlim proqramı - Layihə İdarəetmə Məktəbi fəaliyyətini uğurla davam etdirir.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan bu proqram iştirakçılara layihə menecmentinin dərinliklərini öyrədir və sonda məktəbi uğurla başa vuranlara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı verilir.
Bu ilin mayında BANM-in Prezident İlham Əliyevin iştirakı ilə açılan yeni kampusunda Layihə İdarəetmə Məktəbinin hər iki qrupunun növbəti modulları - “Layihə rəhbərləri üçün keyfiyyət” və “Risklərin idarəedilməsi” təlimləri keçirilib. “Stream 16” qrupunda keçirilən “Layihə rəhbərləri üçün iş keyfiyyəti” kursunu “STRATEX” şirkətinin peşəkar təlimçilərindən olan Con Pelham aparıb. Kursda iştirakçılara “Layihə keyfiyyət idarəçiliyi”, “Layihə keyfiyyətini planlaşdırma”, “Layihə keyfiyyətinə təminat”, “Layihə keyfiyyətinə nəzarət” mövzularında təlimlər keçilib. Həmçinin iştirakçılar müvafiq istiqamətdə fikir mübadiləsi aparıb və qrup çalışmalarını yerinə yetiriblər.
“Stream 17” qrupunda “STRATEX” şirkətinin xüsusi peşəkarlığı ilə seçilən təlimçisi Didye Estibal “Risklərin idarəedilməsi” kursunu keçib. İştirakçılar bu kursda layihə risklərini idarə etmək üçün praktik və səkkizpilləli prosesdən istifadə, təhlükə və imkanları, onların layihədəki nisbi qiymətini müəyyənləşdirmək, məhdud strategiyalardan istifadə ilə çoxsaylı risklərə nəzarət etmək kimi aidiyyəti mövzular barədə məlumatlandırılıblar.
Sonda BANM-in rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin “Stream 16” qrupunun iştirakçılarına ilk üç kursu bitirmələri və layihə idarəetməsi üzrə əsas baza təlimlərini başa çatdırmaları münasibətilə Amerikanın Corc Vaşinqton Universitetinin və İngiltərənin “STRATEX” şirkətinin birgə “Associate’s Certificate in Project Management” sertifikatlarını təqdim edib.