ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığa başlayır
Bakı, 30 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru Elçin Babayev son illərdə təhsil müəssisəsində həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qələbə qazandı, azad edilmiş torpaqlarımızda quruculuq işlərində, həyata keçirilən layihələrdə BDU kollektivi də iştirak etməyə hazırdır. BDU ilə Fond arasında birgə layihələrin hazırlanması və reallaşdırılması torpaqlarımızın dirçəldilməsinə və davamlı inkişafına töhfə verəcək.
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev bu fondun fəaliyyəti və planlarından danışıb. Qeyd olunub ki, Fond öz fəaliyyəti çərçivəsində müxtəlif layihələr, o cümlədən Qarabağın maddi dəyərlərinin bərpasına, sərmayələrin cəlb olunmasına və insan kapitalının inkişafına yönəldilmiş layihələr həyata keçirəcək. Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, yüksək səviyyədə inkişaf etmiş regiona çevrilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönəlib. Bu layihələrin reallaşmasına ölkəmizin ən böyük elm və təhsil ocağı olan BDU-nun potensialından və təcrübəsindən istifadə edilməsi və birgə fəaliyyət fayda verəcək.
Görüşdə Qarabağ Dirçəliş Fondu ilə BDU arasında əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi, müvafiq elmi-tədqiqatların aparılması, eyni zamanda, “ağıllı şəhər” və “ağıllı kənd” modelinin tətbiqi, postmünaqişə dövründə münbit investisiya mühitinin yaradılması, alternativ enerji, müştərək qrant müsabiqələrinin keçirilməsi və s. mövzularda müzakirələr aparılıb.