ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti və Neapol Şərqşünaslıq Universiteti arasında anlaşma memorandumu imzalanmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Neapol Şərqşünaslıq Universitetinin prorektoru Cuseppe Çataldini və həmin təhsil müəssisəsinin professoru Mişel Bernardin Bakı Dövlət Universitetində (BDU) olmuşlar.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə İtaliyanın elm və təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsinə hazır olduğunu deyən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Sonra BDU və Neapol Şərqşünaslıq Universiteti arasında anlaşma memorandumu imzalanmışdır.
Sənəddə ikitərəfli simpoziumların, seminarların və konfransların keçirilməsi, qarşılıqlı maraq doğuran layihələrdə və proqramlarda iştirak, tələbə və professor-müəllim heyətinin mübadiləsi və s. məsələlər öz əksini tapmışdır.
Qonaqlar BDU-nun Şərqşünaslıq və hüquq fakültələrində də görüşlər keçirmişlər.