ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Bakı Dövlət Universitetində (BDU) ikinci Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və BDU-nun dəstəyi ilə keçirilib.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsinin başlıca məqsədi müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.
Eyni zamanda, qeyd olunub ki, festivalın təşkili həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaq məqsədi daşıyır.
Rektor müvafiq layihəyə türk dünyasının müxtəlif yerlərindən bir çox qurumların, o cümlədən ali məktəblərin dəstək verdiyini diqqətə çatdırıb.
Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir türkdilli ölkələr arasında əlaqələrin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, 2016-cı ildə beş ölkədən təqdim edilən yeddi filmlə keçirilən festivalın builki ikinci tədbirində artıq yeddi ölkədən 18 film nümayiş olunur.
Digər çıxış edənlər də festivalın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, uğurlar arzulayıblar.
Sonra TRT-nin hazırladığı “Sırac” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən sırac tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraclar Azərbaycan türklərinin də formalaşmasında rol oynayıb, eləcə də Azərbaycan Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar.