ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində ilk onlayn ustad dərsi: dünyanın müasir fiziki təsviri
Bakı, 15 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, İslamabad COMSATS Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan fizika-riyaziyyat elmləri doktoru, professor Mais Süleymanov BDU-nun tələbələri üçün “Dünyanın müasir fiziki təsviri” mövzusunda ilk onlayn ustad dərsi keçib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, videobağlantıya qoşulan universitetin rektoru Elçin Babayev görüşün keçirilmə məqsədi barədə məlumat verərək COMSATS İnformasiya Texnologiyaları İnstitutunun tədqiqatda məhsuldarlığa görə müxtəlif diplomları ilə təltif olunan, 250-dən çox elmi işin, impakt faktorlu jurnallarda 150-dən çox məqalənin müəllifi olan Mais Süleymanova uğurlar arzulayıb.
Ustad dərsində professor Mais Süleymanov vurğulayıb ki, müasir fizika və təbiətşünaslığın bütün problemlərindən ən vacibi zərrəciklərin rəngarəngliyi önündə “elementarlığın meyarı nədir?” sualına cavab tapmaqdır. Bu problem materiya quruluşunun ən sadə, bəsit hissəciklərinin, “dünya evinin” ilkin kərpiclərinin müəyyənləşdirilməsi və öyrənilməsindən ibarətdir. Elementarlıq haqqında ilk ideyalar bizim eradan əvvəl qədim Çin və hind təlimlərində meydana gəlib, qədim yunan filosoflarının təlimlərində daha da inkişaf etdirilib.
Məruzədə elmin inkişafı nəticəsində dünyanın fiziki təsvirində baş verən dəyişmələr, bu təsvirə aid Antik dövr və müasir elmdə mövcud yanaşmaların müqayisəli təhlili aparılıb və göstərilib ki, zərrəciklərin bir yerdə yaşama qaydaları onların dörd növ qarşılıqlı təsiri - elektromaqnit, güclü, zəif və qravitasiya təsiri ilə təyin olunur. Zərrəciklərin qurulduğu “kərpicciklər” və mikroaləmin obyektlərinin “yapışqanları” olan qarşılıqlı təsir kvantları fundamental zərrəciklərin kiçik bir qrupunu əmələ gətirir: bunlar kvarklar, leptonlar və aralıq zərrəciklərdir.
Professor, həmçinin CERN-də quraşdırılmış Böyük Adron Kollayderi və orada aparılan təcrübələr haqqında məlumat verib. Fundamental zərrəciklər və onların qarşılıqlı təsirlərinin vahid nəzəriyyəsi olan Standart Modeldən, onun uğurlarından və çatışmazlıqlarından danışan M.Süleymanov əlavə edib ki, müasir təbiətşünaslığın qarşısında üç böyük sual var: Dünya necə yaranıb?, Kütlənin mənşəyi nədir?, Antimaddə niyə müşahidə olunmur?.
Ustad dərsini 100-dən çox iştirakçı dinləyib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan və diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.