İQTİSADİYYAT
Bakı Fond Birjası ADA Universitetinin tələbələri üçün praktiki təlim təşkil edib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Bakı Fond Birjası (BFB) tərəfindən həyata keçirilən "Bilik mübadiləsi" layihəsi çərçivəsində "ADA" Universitetində təhsil alan və BFB-nin fəaliyyəti ilə yaxından maraqlanan bir qrup tələbələr üçün praktiki təlim təşkil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, təlimdən əvvəl Bakı Fond Birjasında gündəlik ticarətin başlanmasını simvolizə edən zəng mərasimi təşkil olunub.
BFB-nin idarə heyəti sədrinin vəzifələrini icra edən Vüqar Namazov birja və onun fəaliyyəti, müxtəlif layihələr, o cümlədən birjanın "Bilik mübadiləsi" layihəsi çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər haqqında təlim iştirakçılarına məlumat verib. BFB-nin biznesin inkişafı qrupunun rəhbəri Abdulla İsayev "Şirkətlərin emissiya prosesi – istiqraz yerləşdirmələri" mövzusunda geniş təqdimatla çıxış edib. Ticarət və üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili BFB-də ticarət əməliyyatları barədə nəzəri və praktiki biliklərlə yanaşı, elektron simulyasiya platformasını təqdim edib. Bu platforma təhsil sistemində innovativ və interaktiv tədris vasitəsi olmaqla, tələbələrə qiymətli kağızların kütləvi yerləşdirilməsi (IPO) və təkrar bazarın işləmə prinsiplərini öyrənməyə, analitik qərar qəbul etmə vərdişlərini öyrənməyə imkan verir.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələblərə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verilməsidir. Cari ilin sonanadək BFB elm və təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsini nəzərdə tutub.