İQTİSADİYYAT
Bakı Fond Birjası üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiya qaydaları təsdiqlənib
Bakı, 8 dekabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) idarə heyətinin 2014-cü il 29 oktyabr tarixli qərarı ilə “Bakı Fond Birjasının üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası qaydaları" təsdiqlənib.
Birjadan AZƏRTAC-a bildiriblər ki, qaydalar “Azərbaycan Respublikası ərazisində fond birjasının təşkili, fəaliyyəti və fond birjasının daxili qaydalarına dair standartlar” və Bakı Fond Birjasının üzvlük qaydalarına əsasən, səlahiyyətli treyderlərin BFB-də ticarətdə iştirakı üçün zəruri bilik və bacarıqlarının müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək, o cümlədən həmin şəxsə birja üzvü adından bu qurumda sifarişlərin elan edilməsi və əqdlərin həyata keçirilməsi səlahiyyətlərin verilməsi prosedurlarını müəyyən edir. Prosedurlara əsasən, bu tələblərə uyğun olaraq namizədlər üzrə attestasiya imtahanı təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə akkreditə şəhadətnaməsi verilir.
Gələn il yanvarın 1-dən akkreditə şəhadətnaməsi almış şəxslər bu şəhadətnamənin qüvvədə olduğu müddətdə BFB-də səlahiyyətli treyder olmaq hüququnu əldə edəcəklər.
Qeyd edək ki, birja üzvləri əməkdaşlarının attestasiyadan keçirilməsi üçün müraciətlərinin qəbuluna artıq başlanılıb. İmtahanda yalnız birja üzvlərinin sözügedən qaydaların tələblərinə cavab verən əməkdaşları iştirak edə bilərlər.
“Bakı Fond Birjasının üzvlərinin səlahiyyətli treyderlərinin ticarətdə iştirakı üzrə akkreditasiyası qaydaları" BFB-nin internet saytının (www.bfb.az) “BFB-nin təlimat və qaydaları” bölməsində yerləşdirilib.