İQTİSADİYYAT
Bakı Fond Birjasının ötənilki ticarət dövriyyəsi açıqlanıb
Bakı, 9 yanvar, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 33 min 797,038 manat təşkil edib. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 14 milyard 893 min 377,207 manat olub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20 faiz artım qeydə alınıb. Eyni zamanda, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248 faiz, korporativ qiymətli kağızların təkrar bazarında 72 faiz və repo əməliyyatlarında isə 83,5 faiz böyümə qeydə alınıb.
Nəticə olaraq, birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128 faiz artıb. Ötən ilin dekabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 687 milyon 979 min 350.80 manat təşkil edərək ötən ilə nəzərən 4 faiz böyüyüb, listinqdə olan şirkətlərin sayı isə 914-dən 951-ə yüksəlib.