CƏMİYYƏT


Bakı Funikulyoru yenidən fəaliyyətə başlayıb

Bakı, 1 noyabr, AZƏRTAC

Paytaxtımızın rəmzlərindən biri olan, bir müddət idi ki, profilaktik tədbirlərlə əlaqədar işləməyən Bakı Funikulyoru artıq noyabrın 1-dən yenidən fəaliyyətinə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən müddət ərzində funikulyorun stansiyaları və vaqonlarda profilaktik işlər görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. İşçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən burada aparılan işlər başa çatdırılıb və funikulyorun fəaliyyətinə start verilib.

Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov söyləyib ki, şəhərimizdə funikulyor 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Leninqrad, avadanlıqlar isə Xarkov şəhərində hazırlanaraq paytaxtımıza gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3,0 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər xiyabanı arasında lift rolunu icra edən funikulyorda vaqonlararası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci illərdə iki dəfə əsaslı şəkildə təmir edilib.

Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 23-də açılışı keçirilib.

Yenidən istifadəyə verilən funikulyorun ilk sərnişinləri isə media nümayəndələri olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.