CƏMİYYƏT
Bakı Gənclər Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə dair tədbir keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Gənclər Mərkəzində gənclər təşkilatlarının nümayəndələrinin, könüllü hərəkatlarının rəhbərlərinin və gənclərin iştirakı ilə anım tədbiri keçirilib.
AZƏRTAC Azərbaycan Respublikası Gənclər Fondunun saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edən tarix elmlər doktoru, professor Kərim Şükürov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı cinayətdən söz açıb. O, 20 Yanvar hadisələrində əliyalın, günahsız insanların qətlə yetirildiyini və itkin düşdüyünü söyləyib. Qeyd edib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Vurğulanıb ki, 20 Yanvar faciəsini hər il anmaq bizim hər birimizin vətəndaşlıq borcudur.
Vurğulanıb ki, həmin vaxt yalnız ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış edib, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər çıxışlarında 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıblar. Bildirilib ki, Azərbaycana qarşı torpaq iddiaları ilə başlayan prosesin davamı olan 20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini qıra bilməyib, əksinə bu hadisələr Sovet İttifaqının süqutunda önəmli rol oynayıb, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Sonda 20 yanvar faciəsindən bəhs edən “Azadlıqla bitən SOS” filmi nümayiş olunub.