İQTİSADİYYAT
Bakı Limanı və Azad Ticarət Zonasının potensial imkanlarının öyrənilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb
Bakı, 8 dekabr, Elvin Camalov, AZƏRTAC
Bakı Limanı və Ələtdə yaradılan Azad Ticarət Zonasının (ƏATZ) potensial imkanlarının öyrənilməsi və özəl sektor iştirakçılarının ATZ-yə cəlb olunması imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib.
Dekabrın 8-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (Korporasiya) arasında Anlaşma Memorandumu imzalanıb.
Müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi imzalayıblar.
“Bakı Limanı və onun ətrafında qurulmaqda olan ATZ Avrasiyada regional mərkəzini yaratmaq istəyən qlobal özəl şirkətlər üçün bir logistik mərkəz kimi fəaliyyət göstərəcək. Əlverişli biznes mühiti və Azərbaycanın Rusiya, İran, Türkiyə və Mərkəzi Asiya kimi zəngin ölkələrlə yaxınlığı potensial xarici investorlar üçün Bakı Limanını ideal seçimə çevirir”, - deyə Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib.
“Bakı Limanı ilə əməkdaşlıq zamanı biz potensial investorları cəlb etmək üçün qarşılıqlı səylərimizi daha da gücləndirərək və eyni zamanda Bakı Limanı və yaradılacaq Azad Ticarət Zonasına korporasiyaya üzv ölkələrdən olan qlobal özəl sektor iştirakçılarının cəlb olunmasına çalışacayıq”, - deyə korporasiyanın icraçı direktoru Xalid Məhəmməd əl Əbudi vurğulayıb.