İQTİSADİYYAT
“Bakı Metropoliteni” QSC Silahlı Qüvvələrə Yardım Fonduna 78 min manatadək ianə köçürüb
Bakı, 10 oktyabr, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 78 min manatadək ianə köçürüb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribatlar törətməsi, yaşayış məntəqələrimizi atəşə tutmasına layiqli cavab verən Azərbaycanın rəşadətli Ordusu əks-hücum əməliyyatlarına başlayaraq bir sıra ərazilər, strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edib. Xalqın milli birlik və vəhdət nümayiş etdirdiyi bu günlərdə hər bir Azərbaycan vətəndaşı Milli Ordunun yanında olmağı özünə müqəddəs borc bilir.
Bakı metropolitençiləri Silahlı Qüvvələrimizə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü dəstəkləyərək bunu özlərinə vətəndaşlıq borcu hesab edirlər. “Bakı Metropoliteni” QSC-nin kollektivi Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 77 min 912 manat məbləğində ianə köçürüb.
Metropolitençilər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Şanlı Ordumuzla qürur duyur.
Qarabağ Azərbaycandır!