İQTİSADİYYAT


“Bakı Metropoliteni”: “Xocasən” deposuna aparan tunellərdə qazıntı işləri tamamlanıb

İnfrastrukturun qurulması və deponun inşası davam etdirilir

Bakı, 10 aprel, AZƏRTAC

Bakı metrosunda yeni xəttin tikintisində əhəmiyyətli hadisələrdən daha biri baş verib. “Bənövşəyi xətt”in “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, “Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir. Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmir yolu xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir. Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb. İnşaat dövründə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunması da diqqətdən kənarda qalmayıb. Qeyd edilənləri nəzərə alaraq, tunellərin qazıntısı daim xüsusi diqqət mərkəzində olub, işlərə təcrübəsi və peşəkarlığı ilə seçilən inşaatçılar cəlb olunublar. Nəticədə inşaat meydançasında xoşagəlməz hadisə qeydə alınmayıb, tunellərin qazıntısı təhlükəsiz şəraitdə aparılıb və itkisiz başa çatdırılaraq Bakıda metro inşaatının növbəti uğuru kimi tarixdə yerini alacaq.

Bütün çətinliklərə, eləcə də tunelin mürəkkəb konfiqurasiyasına baxmayaraq, markşeyderlərin hesablamaları dəqiq olub. Beləliklə, sağ tunel kimi, diametri 5,5 metr olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib. Qeyd edək ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.

Bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri ilə Bakı Metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq növbəti stansiyaların tikintisində davam etdirilib. Bu və digər texniki səbəblərdən müasir, mütərəqqi üsuldan depoya aparan yolların inşasında istifadə etmək mümkün olmayıb.

Beləliklə, “Bənövşəyi xətt”in elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.

Qeyd edək ki, hər iki tuneldə yollar ağac şpallar deyil, dəmir-beton bloklar üzərində qurulur. Bu bloklar Bakı Metropoliteninin özünün istehsal sahəsinin məhsuludur. Bu da valyutanın ölkə xaricinə çıxarılmasının qarşısını almaqla yanaşı, külli miqdarda vəsaitə qənaətinə, xarici istehsalçılardan asılılığı aradan qaldırmağa, həmçinin ən münasib istismar şərtləri və şəraitinə nail olmağa imkan verir.

Müstəqillik dövründə tikilmiş ilk metro xətti olan “Bənövşəyi xətt”in 2016-cı il aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istifadəyə verilməsindən sonra xəttin Xocəsən qəsəbəsində yerləşən deposunun özündə də inşaat işləri davam etdirilir. Metro inşaatının norma və qaydalarına uyğun olaraq istismar olunan hər xəttin öz deposu olmalıdır. Xəttin üçüncü stansiyası istismara verildikdən sonra qatarların bir yoldan digər yola keçərək, dönmə manevri təmin olunacaq. Bununla daha intensiv hərəkət qrafikinin tətbiqi ilə xətdə qatarların sayı da artırılmalıdır. Belə olduqda, qatarların baxış, qulluq və təmir işləri depo şəraitində aparılmalıdır.

“Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.