REGİONLAR
Bakı Mühəndislik Universitetində “Tələbə baharı” festivalının qalibləri ilə görüş
Xırdalan, 13 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən XII “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalında uğurla çıxış ediblər. Festivalda iştirak edən BMU-nun tələbələri milli rəqs (solo), müasir rəqslər (kollektiv) və klassik musiqi nominasiyaları üzrə ikinci yerə layiq görülüblər.
AZƏRTAC xəbər verir ki, rektor, professor Havar Məmmədov festivalda universiteti layiqincə təmsil edən tələbələrlə görüşüb.
Havar Məmmədov ali məktəbin təkcə yüksək təhsil vermədiyini, həmçinin tələbələrin hərtərəfli kadr kimi yetişməsində önəmli işlər gördüyünü, bu missiyanı tələbə təşkilatları və dərnəkləri tərəfindən uğurla yerinə yetirildiyini bildirib.
Rektor festivalda BMU-nun yaradıcı tələbələrinin ölkənin ali təhsil müəssisələri arasında bir neçə nominasiyada mükafatçılar sırasında olmalarını yüksək qiymətləndirib, tələbələri mükafat və fəxri fərmanla təltif edib.